Qalmaz palçıq vulkanı
Qalmaz palçıq vulkanı — (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir.
Onun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir.
Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə. Ə. Yaqubov, Ə. Ə. Əlizadə, M. M. Zeynalov, 1971).
Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır.